Artıq bir neçə gündür ki, Rusiyanın paytaxtı Moskva şəhərində “World Food Moscow 2019” beynəlxalq qida sərgisi öz işinə başlayıb. Ötən iki ildə olduğu kimi, bu il də ölkəmiz “World Food Moscow” sərgisində Azərbaycanda İxracın və İnvestisyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə tərəfdaş kimi çıxış edir. Sərgidə vahid ölkə stendi ilə təmsil olunan Azərbaycanın qida sənayesi məhsulları, şərab və digər spirtli içkilər istehsalı ilə məşğul olan 33 yerli şirkəti iştirak edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, sərgidə iştirak edən “Aqrar Tədarük və Təchizat” ASC kiçik və orta aqrar sahibkarları təmsil edərək onların qablaşdırılmış məhsullarını nümayiş etdirir. Əsas məqsəd xarici forum və sərgilərdə iştirak edərək aqrar ticarətin uğurlu təşkilinə nail olmaq, yerli istehsal kənd təsərrüfatı və qida məhsullarının ixracının artırılmasına dəstək göstərməkdir.

“Aqrar Tədarük və Təchizat” ASC-nin sərgi salonunda yerləşdirilmiş stendində müxətlif ölkələrin rəsmi və biznes strukturlarının nümayəndələri üçün Azərbaycan istehsalı olan kənd təsərrüfatı və qida məhsullarının tanıtımı həyata keçirilib, ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün görülən işlər barədə məlumat verilib.

Sərgini ziyarət edən Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Aqrar Tədarük və Təchizat” ASC-nin stendinə baş çəkib və ölkəmizin müxtəlif istehsalçıları ilə yanaşı, kiçik və orta aqrar sahibkarların məhsulları ilə də yaxından tanış olub.

Qeyd edək ki, Moskva Beynəlxalq Qida Sərgisi qlobal qida və içki sənayesinə xidmət edən böyük bir sərgidir və 1991-ci ildən keçirilir. Builki sərgidə, ümumilikdə, dünyanın 65 ölkəsindən şirkətlər iştirak edir.